İnteryeri «bahalı» göstərən nədir? | P&P Blog

İnteryeri «bahalı» göstərən nədir? | P&P Blog

10.08.2022

Bundan öncəki bloqda interyerdə qənaət haqqında danışmışdım. İndi isə deyək ki, davamlı olaraq yaşayacağınız mənzili almısınız və təmir üçün ayırdığınız məbləğə mümkün qədər dəbdəbəli («bahalı») görsənən interyer qurmaq arzusundasınız… :) Bu 3 seçimi doğru etməyə çalışın: #1 Təbii taxtadan döşəmə - ən sadə və ucuz təmir olunmuş divarlarla belə zəngin görüntü yaradır. Həmçinin, daha uzunömürlüdür və taxtada yaranan kiçik problemlərin restavrasiyası əksər hallarda mümkündür. Laminat kimi ekonom materiallar nə qədər təbii taxtaya bənzədilsə də, ondan nə eyni görüntünu, nə də eyni keyfiyyəti gözləmək olmaz. Beləliklə, davamlı olaraq yaşamağı planladığınız evlərdə keyfiyyətli döşəməyə pul xərcləməyə dəyər. #2 Qapı & pəncərələr Alçaq və keyfiyyətsiz qapılar qədər interyeri ucuzlaşdıran çox az əşya var. Hündür tavanı olan otaqlarda alçaq qapılar sanki «mənim haqqımda düşünməyi unudublar» deyə qışqırırlar… Bu isə ucuz yanaşmanın göstəricisidir. Hündür qapılar otağın nisbətini dəyişir və vizual olaraq daha hündür göstərir. Qeyri-standart qapı-pəncərə sifarişi qiyməti qaldırdığı üçün, framuqalı model qapı istifadəsini məsləhət görə bilərəm. Həmçinin, iki-tərəfli və müəyyən hissəsi şüşə olan qapılar interyeri daha dəbdəbəli göstərə bilər. Əlavə olaraq qeyd etmək istədiyim qapı və pəncərələrin qulpunun və açar hissəsinin keyfiyyətidir. Çünki onlar ən sadə qapını «bahalı» göstərmək və çox bahalı qapını «ucuzlaşdırmaq» gücündədir. Qapı-pəncərənin material seçimi interyerin nə qədər dəbdəbəli olduğunun göstəricisidir. Yəqin ki, mənimlə razılaşarsınız ki, təbii taxtadan və keyfiyyətli, paslanmayan dəmirdən hazırlanan qapı-pəncərə ən sadə interyerin görüntüsünü zənginləşdirir və uzun illər xidmət göstərir. #3 Divar boyası Müxtəlif boyaların birlikdə istifadəsi qeyri-adi görüntü yaradır və otağa daxil olan insanlarda maraq yaradır deyə, interyerdə «bahalı» görüntü əmələ gəlmiş olur. İnsanlar müxtəlif rənglərin istifadəsini gördükdə, sanki «bura xeyli işçilik və resurs xərclənib» deyə düşünməyə başlayırlar. Divar boyasına aid qeyd etmək istədiklərim müxtəlif boyaların peşəkar şəkildə birlikdə istifadəsi ilə limitlənmir. Müxtəlif rənglərdən istifadə etməyə məcbur deyilsiniz, bir və ya iki rəng belə olsa, əsas olan keyfiyyətli boyanın olmasıdır. Ucuz boyalar çox tez solur, quruyub divardan qopmağa başlayır və s. Nisbətən bahalı və keyfiyyətli seçimlər isə uzun müddət həm estetik, həm də funksional keyfiyyətini itirmir. Bu 3 seçim interyerin son görüntüsünü və keyfiyyətini təmin edir. Bu mövzuya sifarişlə hazırlanmış ev tekstilini (pərdə, süfrə, örtüklər, yastıqlar və s.), əl işi dekorativ əşyaları və rəsm əsərlərini əlavə etmək olar. Bəs sizcə başqa hansı əşyalar interyerə dəyər qatır və onu dəbdəbəli göstərir? Mətnin müəllifi: Practic & Perfect | Fidan

Izzidone LLC. 2022.

All rights reserved ©