logo
Evi səliqəsiz göstərən əşyalar | P&P Blog

Evi səliqəsiz göstərən əşyalar | P&P Blog

27.04.2022

Hər kəs evinin gözoxşayan olmasını istəyir, məhz bu səbəbdən də, hər kəsin evində məişət baxımından heç bir funksiyaya malik olmayan və sadəcə evi bəzəmək məqsədi ilə alınmış əşyalar var. ▪️Divar rəsmləri Divarda çox sayda şəkil, rəsm və ya dekor əşyaları asıldıqda və xüsusən də, biri ev sahiblərinin evlilik portreti, biri təbiət mənzərəsi, digəri isə babadan qalma, şimaldan gətirilmiş maral buynuzu olarsa, ev həddindən çox qarışıq və zövqsüz görsənəcək ▪️Kiçik dekor əşyaları Tez-tez fikir verirəm ki, evdə çox sayda açıq divar rəfləri və şəffaf şüşəli mebellər var və onları boş saxlamamaq üçün, saysız-hesabsız, fərqli zamanlarda alınmış, bir-birinə uyğun olmayan kiçik dekor əşyaları yerləşdirilib. ▪️Kiçik mebel növləri Evdə çox sayda kiçik çay/qəhvə, jurnal masaları, yumşaq mebel (kreslolar, pufik və s.) olanda, evi səliqəli saxlamaq çox çətin olur. Bu kimi kiçik mebel növləri ev sakinlərinin xırda əşyalarını (USB, kitab, eynək, açar, qəpik pul və s.) sehirli bir şəkildə özünə cəlb edir. ▪️Yastıq və adyal Yumşaq mebeli yada salmışkən, yastıq və adyaldan da danışım. Rastlaşmısınız yəqin ki, divanın üzərinə yerləşdirilmiş çox sayda kiçik, rəngli-rəngsiz yastıqlar və bir neçə ədəd adyal ilə. ▪️Çox sayda kiçik ev bitkisi Ev bitkilərini sevməyən azdır, 90% insanın evində bir ədəd də olsa ev bitkisi mövcuddur. Bəzi insanlar isə, ondan o qədər əldə edirlər ki, evlərində çox qarışıq görüntü yaranır; hara baxırsan, şkafların, masaların, pəncərə qıraqlarının üstündə, hər yerdə bir dibçək bitki var. Əgər evinizi praktik, rahat və minimalist dekor etmək istəyirsinizsə, 5 məsələyə diqqət yetirməyi tövsiyyə edirəm. #1 Divar rəsmlərini sevirsinizsə, çox sevin amma sayını həddindən çox etməyin. Onları bir kompozisiya olaraq düşünün: bir-birinə uyğun olsunlar. Çox sayda kiçik rəsmlərin əvəzinə, bir neçə ədəd böyük ölçülü rəsmlər seçin. Əgər çərçivəli rəsm asacaqsınızsa, çərçivələrin eyni olmasına da diqqət edin. #2 Misal olaraq qeyd etdiyim - maral buynuzu kimi qeyri-adi dekor əşyalarını divara asmaq istəsəniz, ilk öncə onların sizin ümümi interyerinizə yaraşıb-yaraşmadığını düşünün. Qərara gəlsəniz ki, yaraşır, belə növ əşyanı tək olaraq, hansısa boş və sadə divara yerləşdirin ki, qarışıq görüntü əmələ gəlməsin. Lazımsız, kiçik, tozlanan və evinizi qarışıq göstərən əşyalarla evinizdə yerləşdirdiyiniz çoxsaylı rəfləri doldurmaqdansa, rəflərin əksəriyyətini ləğv edin. Sadəcə bir neçə rəfi saxlayıb, onların üzərinə böyük ölçülü, sadə dekor əşyaları yerləşdirin. #3 Evinizin ölçüsünə görə, mümkün qədər, böyük mebel növlərini seçin və əşya sayını minimuma endirin. #4 Kiçik-kiçik yastıq və adyalları interyer-dizayn jurnallarındakı kimi, dekorasiya məqsədi ilə divanın üzərinə yerləşdirib, ora heç vaxt oturmayacaqsınızsa, yastıq və adyallardan bol-bol əldə edə bilərsiniz ... Amma, tövsiyyə edirəm ki, divanınızda rahat-rahat oturub, bir ədəd adyalı üstünüzə örtüb, çayınızı içərək, film izləyəsiniz və yastıq sayı da iki ədədi keçməsin. Əks halda, hər təmasda əzilən, yerə atılan yastıq və adyalları toplamaq sizin üçün daimi idmana çevriləcək, otaqdan səliqəsiz görüntü isə əsla əskik olmayacaq. #5 Ən sevdiyim dekor növü olan - ev bitkisindən çirkin və göz yorucu görüntü əldə etməmək üçün tövsiyyəm budur: çalışın ev bitkilərini, nə az nə çox, qrup-laş-dı-rı-la-caq sayda saxlayın. Onları növlərinə görə bölüşdürüb, fərqli otaqlara və ya eyni otaqda olsa belə, fərqli nöqtələrə yerləşdirin. Dibçəklər hamısı eyni olsa, lap yaxşı olar, amma olmazsa da, ən azından, hər «qrupda» eyni olması səliqəli görüntü yaratmağa kömək edəcək. Həddindən çox sayda ev bitkiniz varsa, bəzilərini bölüb, başqa insanlara hədiyyə edin və narahat olmayın, çünki eynisinin kökü evinizdədir, o yenə çoxalacaq! Buna bənzər müxtəlif mövzularla tanış olmaq üçün @practicandperfect Instagram səhifəsinə keçid edə bilərsiniz. Mətnin müəllifi: Practic & Perfect | Fidan

07.02.2023

Soyuducuda mükəmməl səliqə-sahman ola bilər?

Soyuducuda mükəmməl səliqə-sahman ola bilər?

Soyuducuda mükəmməl səliqə-sahman ola bilər ya bu sadəcə Instagram videolarında rastlaya biləcəyimiz görüntüdür? Nə yalan deyək, soyuducu bizim yaralı yerimizdir, çünki onun səliqə-sahmanını qorumaqda çətinlik çəkirik. Ələlxüsus da, bizə lazım olan miqdarda ərzaqdan daha çox ərzaq evə alınarsa… Yenə gəldik minimalizmə! 😌 Ehtiyacımız olandan daha çox olan hər bir şeyi sahmanlamaq çətin və yorucudur… Çox çalışırıq ki, bazarlıq zamanı lazım olandan artıq heçnə alınmasın. Az miqdarda bazarlıq olunanda işimiz də çox rahat olur. Biz hamısı eyni, şəffaf və ya ağ soyuducu orqanayzerlərindən istifadə edirik, əksəriyyəti qapaqlı və vakuum şəraitini təmin edəndir 👍 ✅ Səliqəli görüntünün vacib şərtlərindən biri də orqanayzerlərin eyni və ya ən azından, eyni rəngdə olmasıdır. Bu qayda soyuducu üçün də keçərlidir. Həmçinin, soyuducuya polietilen paketlərdə heç bir ərzağın yerləşdirilməməsinə çox diqqət edirik! Polietilen paketlər: 🔹estetik deyillər 🔹içindəkiləri bizə unutdururlar 🔹spesifik, xoş olmayan qoxu yaradırlar… Dondurucuda polietilen paketdə saxlanılan ət/toyuq görəndə, həmin evdən qaçmağımız gəlir…🥲 Əgər siz də bizim kimi, soyuducu daxil hər yerdə estetika axtarışındasınız, amma buna nail ola bilmirsinizsə, qeydlərimzi nəzərə alın və yalnız ehtiyacınız olan miqdarda ərzaq alış verişi edin. İnanın ki, xarab olub, atılan ərzaqlar olmayacaq deyə, həm qənaət etmiş olacaqsınız, həm də soyuducuda səliqə-sahman və estetika yaratmaq gözünüzə əvvəlki kimi çətin bir iş kimi görünməyəcək 🤍

Izzidone LLC. 2022.

All rights reserved ©