logo
Dekorativ kamin | P&P Blog

Dekorativ kamin | P&P Blog

14.11.2022

Dekorativ kamin evinizi isitməyəcək, amma interyerinizə vizual istilik mütləq ki qatacaq! Bina evində yerləşən mənzili belə bağ/kənd evinə bənzədən bu elementin istifadəsi üçün müxtəlif interyer həllərini və nümunələrini sizinlə paylaşmaq istəyirəm. Dekorativ kamin üçün sizə nə baca, nə yanacaq, nə də hər hansı texniki qurğular lazım olacaq. «İsti» interyer üçün ehtiyacımız olan yalnız kamin portalı və bir az fantaziyadır. #1 Dekorativ kamin portalını saxlama yeri olaraq istifadə etmək olar. Məsələn, vintaj bir kamin çərçivəsinin iç hissəsində kitablar üçün rəflər yerləşdirmək maraqlı ideyadır. #2 Dekorativ kaminin iç hissəsinə düzülmüş şamlar ona əlavə işıq və gözəllik qatacaq. Kamin portalının materialına uyğun olaraq həm təbii, həm də LED şamlardan istifadə etmək olar. #3 İnteryerə uyğun olaraq, konsol kimi istifadə olunan beton kamin portalı ilə maraqlı görüntü əldə etmək olar. #4 Hər hansı divar nişində, kərpic fonunda yerləşdirilmiş sadə qara və ya ağ rəngdə kamin portalı o qədər təbii və isti görüntü yaradacaq ki, sanki o illərdir elə oradadır və onu hər an, ənənəvi qaydada istifadə etmək mümkündür. #5 İçi güzgü ilə dekorasiya edilmiş kamin portalı və onu tamamlayan digər güzgülü interyer elementləri ilə mənzilinizdə «bahalı» görüntü yarada bilərsiniz. #6 Güzgü ilə tamamlanmış digər dekorativ kamin nümunəsində isə böyük bir güzgü kaminin içində deyil, üst hissəsində yerləşdirilir. Pəncərələrlə eyni səviyyədə yerləşdirilmiş güzgü otaqda təbii işığı artırır və genişlik illüziyası yaradır. #7 Vintaj və ya daş kamini tam olaraq interyerinizə yaraşdırmırsınızsa, kamin portalını divarın bir hissəsi ilə eyni rəngə boyayaraq, onu çox şık sənət obyektinə çevirə bilərsiniz. Ən çox hansı nümunəni bəyəndiniz? Mətnin müəllifi: Practic & Perfect | Fidan

14.08.2023

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

Meyvə və tərəvəzləri qışa necə saxlaya bilərik

#1 Meyvə və tərəvəzlərdən turşu hazırlamaq Turşular sevdiyiniz tərəvəzləri yaydan qışa daşımaq üçün istifadə edə biləcəyiniz üsullardan biridir. Turşuların hazırlanmasının ümumi məntiqi qidaları turşulaşdırmaq və xarab olmasının qarşısını almaq üçün fermentasiya etməkdir. İstədiyiniz bir çox meyvə və tərəvəzin tam yetişməmiş olması şərti ilə, turşusunu hazırlayıb, qışda könül rahatlığı ilə nuş edə bilərsiniz. #2 Meyvə və tərəvəzləri qurudaraq saxlamaq Yayda qurutduğunuz meyvə və tərəvəzlər qışda yemək hazırlayarkən sizin köməyinizə çatacaq. Məsələn, yayda qurutduğunuz banan, çiyələk, şaftalı, qaragilə kimi meyvələrdən qış səhərləri hazırladığınız sıyığı bəzəmək ,peçenye və tortlara dad vermək üçün istifadə edə bilərsiniz. Qurudulmuş badımcan, bibər kimi tərəvəzlər qışda doyurucu və qidalı yeməyə çevrilə bilər.Təzə nanə və kəklikotunu da qurudaraq mətbəxinizdə ədviyyat kimi istifadə edə bilərsiniz. #3 Meyvə və tərəvəzləri buzluqda saxlamaq Sevdiyiniz meyvə və tərəvəzləri mövsümündə alıb, yaxşıca təmizlədikdən sonra dondurucuda saxlaya bilərsiniz. Dondurucuda saxlamaq istədiyiniz tərəvəzləri istifadə etmək istədiyiniz forma və ölçüyə gətirmək və bu şəkildə saxlamaq istifadə zamanı sizə daha rahat olacaq. Müxtəlif yeməklərdə, dondurma və desertlərdə dondurulmuş meyvə və tərəvəzlərdən istifadə edə bilərsiniz.

Izzidone LLC. 2022.

All rights reserved ©