All blogs

İnteryeri «bahalı» göstərən nədir? | P&P Blog

İnteryeri «bahalı» göstərən nədir? | P&P Blog

Bundan öncəki bloqda interyerdə qənaət haqqında danışmışdım. İndi isə deyək ki, davamlı olaraq yaşayacağınız mənzili almısınız və təmir üçün ayırdığınız məbləğə mümkün qədər dəbdəbəli («bahalı») görsənən interyer qurmaq arzusundasınız… :) Bu 3 seçimi doğru etməyə çalışın: #1 Təbii taxtadan döşəmə - ən sadə və ucuz təmir olunmuş divarlarla belə zəngin görüntü yaradır. Həmçinin, daha uzunömürlüdür və taxtada yaranan kiçik problemlərin restavrasiyası əksər hallarda mümkündür. Laminat kimi ekonom materiallar nə qədər təbii taxtaya bənzədilsə də, ondan nə eyni görüntünu, nə də eyni keyfiyyəti gözləmək olmaz. Beləliklə, davamlı olaraq yaşamağı planladığınız evlərdə keyfiyyətli döşəməyə pul xərcləməyə dəyər. #2 Qapı & pəncərələr Alçaq və keyfiyyətsiz qapılar qədər interyeri ucuzlaşdıran çox az əşya var. Hündür tavanı olan otaqlarda alçaq qapılar sanki «mənim haqqımda düşünməyi unudublar» deyə qışqırırlar… Bu isə ucuz yanaşmanın göstəricisidir. Hündür qapılar otağın nisbətini dəyişir və vizual olaraq daha hündür göstərir. Qeyri-standart qapı-pəncərə sifarişi qiyməti qaldırdığı üçün, framuqalı model qapı istifadəsini məsləhət görə bilərəm. Həmçinin, iki-tərəfli və müəyyən hissəsi şüşə olan qapılar interyeri daha dəbdəbəli göstərə bilər. Əlavə olaraq qeyd etmək istədiyim qapı və pəncərələrin qulpunun və açar hissəsinin keyfiyyətidir. Çünki onlar ən sadə qapını «bahalı» göstərmək və çox bahalı qapını «ucuzlaşdırmaq» gücündədir. Qapı-pəncərənin material seçimi interyerin nə qədər dəbdəbəli olduğunun göstəricisidir. Yəqin ki, mənimlə razılaşarsınız ki, təbii taxtadan və keyfiyyətli, paslanmayan dəmirdən hazırlanan qapı-pəncərə ən sadə interyerin görüntüsünü zənginləşdirir və uzun illər xidmət göstərir. #3 Divar boyası Müxtəlif boyaların birlikdə istifadəsi qeyri-adi görüntü yaradır və otağa daxil olan insanlarda maraq yaradır deyə, interyerdə «bahalı» görüntü əmələ gəlmiş olur. İnsanlar müxtəlif rənglərin istifadəsini gördükdə, sanki «bura xeyli işçilik və resurs xərclənib» deyə düşünməyə başlayırlar. Divar boyasına aid qeyd etmək istədiklərim müxtəlif boyaların peşəkar şəkildə birlikdə istifadəsi ilə limitlənmir. Müxtəlif rənglərdən istifadə etməyə məcbur deyilsiniz, bir və ya iki rəng belə olsa, əsas olan keyfiyyətli boyanın olmasıdır. Ucuz boyalar çox tez solur, quruyub divardan qopmağa başlayır və s. Nisbətən bahalı və keyfiyyətli seçimlər isə uzun müddət həm estetik, həm də funksional keyfiyyətini itirmir. Bu 3 seçim interyerin son görüntüsünü və keyfiyyətini təmin edir. Bu mövzuya sifarişlə hazırlanmış ev tekstilini (pərdə, süfrə, örtüklər, yastıqlar və s.), əl işi dekorativ əşyaları və rəsm əsərlərini əlavə etmək olar. Bəs sizcə başqa hansı əşyalar interyerə dəyər qatır və onu dəbdəbəli göstərir? Mətnin müəllifi: Practic & Perfect | Fidan

10.08.2022

İnteryerdə qənaət | P&P Blog

İnteryerdə qənaət | P&P Blog

Qənaət etmək yaxşıdır, amma interyerdə bu məsələ ilə ehtiyyatlı olmaq gərək. İnteryer dizayn və təmir zamanı, ilk baxışda, qənaət etmək kimi görsənən qərarlar sonradan davamlı xərcə çevrilə bilər… Məsələn, ucuz santexnika və təmir ləvazimatları, qiymətə görə seçilmiş səriştəsiz usta və s. … Ümumiyyətlə, interyer üçün əldə olunan əşyalara və təmirə qarşı yanaşma bu suala cavab verməklə başlamalıdır: «Bu mənzildə nə qədər müddət yaşamağı planlaşdırıram?» Əgər cavab «uzunmüddətli» olarsa, təmirə mümkün olan budcənin əsas hissəsini ayırmaq olar. Bəzi mebel və əşyaları isə az-az, daha sonra da almaq olar. Yox, əgər cavabınız «qısamüddətli» olarsa, bu zaman təmirə çox vəsait yatırmağa dəyməz. Əksinə, ən əsas əşyalara pul xərcləyin ki, həm ürəyinizcə olsun, həm də daha sonra köçəcəyiniz yerə onları özünüzlə aparasınız. Lakin ilk köçdüyünüz mənzildə çox çox az müddət yaşayacaqsınızsa, ən əsas istifadə etdiyiniz əşyalardan başqa heç bir mebelə çox xərc etməyi məsləhət görmürəm, çünki köçərkən onların zədələnmə şansı çoxdur… Qısa müddətə görə risk etməyin, səbrli olun. İndi isə deyək ki, davamlı olaraq yaşayacağınız mənzili almısınız və təmir üçün ayırdığınız məbləğə mümkün qədər dəbdəbəli interyer qurmaq arzusundasınız… Bunun üçün əsas nələrə diqqət yetirməlisiniz - növbəti bloqda bir-bir yazacam :) Mətnin müəllifi: Practic & Perfect | Fidan

27.07.2022

Kiçik yataq otağını geniş göstərən 7 üsul | P&P Blog

Kiçik yataq otağını geniş göstərən 7 üsul | P&P Blog

Çox kiçik yataq otağını belə bu 7 sadə üsul ilə vizual olaraq daha geniş və işıqlı hala gətirmək mümkündür. 🔹 Hündür və ensiz mebel - vizual olaraq hündür tavan və geniş sahə illüziyası yaradır. 🔹 Alçaq yataq və lakonik yataq başlığı - kiçik yataq otaqlarını vizual olaraq genişləndirmək üçün interyer dizaynerlərin istifadə etdiyi üsullardan biridir. Çünki bu zaman yataq yerə maksimal olaraq yaxın olur və onunla tavan arasındaki məsafə böyüyür deyə, bu insanlarda geniş otaq illüziyası yaradır. 🔹 Asma lampa və yaxud çılçıraqsız tavan Dizaynerlərin kiçik yataq otaqlarında istifadə etdikləri başqa bir texnika da asma işıq lampalardır. Yatağın hər iki tərəfində yerləşdirilən uzun asma lampalar simmetriya yaradır və vizual olaraq genişlik hissi bəxş edir. İşıqlandırma ilə bağlı digər üsul isə ümümiyyətlə çılçıraqdan imtina etməkdir. Çılçıraqsız, spot lampalarla işıqlandırılmış otaq insanlarda daha hündür tavan və genişlik illüziyası yaradır. 🔹 Güzgü Kiçik yataq otaqlarında güzgü istifadəsi strateji bir qərardır :) Adətən təbii işığın az olduğu otaqlarda işığı artırmaq məqsədilə abajur və asma lampalar yerləşdirilir və onların arxasında divara güzgü yerləşdirməklə işığı biraz da artırıb otağa yaya bilərik. 🔹 Doğru birləşmələr Kiçik otaqlarda hər şey ahəngdar olmalıdır, buna görə fərqli material və rəngləri diqqətlə qarışdırmaq lazımdır. Əgər doğru birləşmələr yaradacağınızdan əmin deyilsinizsə, səhv birləşmələrlə xaos yaratmaqdansa, eyni kolleksiyadan olan mebellərdən istifadə etmək və ən kiçik elementlərin uyğunluğuna belə diqqət yetirmək lazımdır. 🔹 İşığı əks etdirən əşyalar Güzgü otağı işıqlandıra bilən yeganə əşya deyil. Təbii işığı istədiyiniz yerə yönləndirmək üçün xrustal lampalar, ağ əşyalar və ya parlaq/işığı əks etdirən səthi olan əşyalardan istifadə etmək olar. 🔹 Sadə yataq dəsti/örtüsü Yataq otağının mərkəzi yataq və onun bəzəyi də yataq dəsti/örtüsüdür. Məhz bu element yataq otağının görünüşünü tamamlayır deyə onu gözardı etmək olmaz. Kiçik yataq otağında açıq rənglərdə və bir rəng/kiçik naxışlı sadə tekstilə üstünlük vermək və çoxsaylı kiçik yastıqlardan imtina etmək gərək. Bəs siz öz yataq otağınızda bu üsullardan istifadə etmisiniz? Mətnin müəllifi: Practic & Perfect | Fidan

18.07.2022

Təbii ya süni daş piştaxta/dəzgah seçimi | P&P Blog

Təbii ya süni daş piştaxta/dəzgah seçimi | P&P Blog

Piştaxtanı (və ya dəzgahı) rahatlıqla mətbəxin poliqonu adlandıra bilərik. Çünki o, gün ərzində bir neçə dəfə od, su, iti bıçaqlar və aqressiv kimyəvi məhlulların sınağından keçir. Mətbəx mebeli istehsalçıları daima bu sınaqlara davamlı, unikal bir material axtarışındadır. Və demək olar ki, onlar artıq buna nail olublar. Keçid edirəm ən məşhur - təbii və süni daş piştaxta xüsusiyyətlərinə. #1 Təbii daş Piştaxta üçün ən çox istifadə olunan təbii daş növü - mərmərdir. O, çox nəcib və dəbdəbəli görsənir. Lakin, mərmər çox kaprizli materialdır. Onun rəngi zamanla solur və səthində qaynar əşyaların, qəhvə, meyvə şirəsi və şərab kimi içkilərin izi qalır. Bütün bunlara daha davamlı olsun deyə, mərmərə mum əsaslı müxtəlif qoruyucu məhlulları tətbiq edirlər. Qoruyucu örtüyü daima yeniləmək və üzərindən vaxtlı-vaxtında bütün kirləri təmizləmək lazımdır. Mərmərin alternativi olaraq, daha sıx olan təbii daş - qraniti seçmək olar. Lakin o da, təbii daşın bütün mənfi cəhətlərinə sahib olur. Əgər daşın təbii köhnəlməsi və qüsurları sizi narahat etməyəcəksə, təbii daşdan piştaxta sifariş edə bilərsiniz. #2 Süni daş Süni daş isə təbii daşın bütün müsbət xüsusiyyətlərini daşıyır, amma mənfi xüsusiyyətlərinə sahib deyil: yəni çatlamır, xarici təsirlərə məruz qaldıqda rəngini və fakturasını dəyişmir, mayeni özünə çəkmir və buna görə də süni daşda yağ, çay, qəhvə ləkələri qalmır/asanlıqla təmizlənir. Süni daş təbii daşdan fərqli olaraq, yüksək temperatura da davamlıdır, amma buna baxmayaraq onun üzərinə qaynar qazan/çaydan qoyarkən qoruyucu altlıqdan istifadə etmək məsləhətlidir :) Süni daş təzgahı mən ona görə bəyənirəm ki, onu müxtəlif şəkillərə salmaq və «tikişsiz»/kəsintisiz birləşmələr etmək mümkündür. Həmçinin, süni daşdan təzgah və su çanağını birlikdə, tökmə monoblok şəklində əldə etmək mümkündür. Monoblok təzgah və su çanağının görüntüsü minimalistik və səliqəli olur, çünki vizual axıcılıq qorunur və səthin təmizlənməsi çox asan olur. Süni daşdan olan təzgahı yeniləmək və zamanla yaranan qüsurları asanlıqla restavrasiya etmək mümkündür. Buna bənzər müxtəlif mövzularla tanış olmaq üçün @practicandperfect Instagram səhifəsinə keçid edə bilərsiniz. Mətnin müəllifi: Practic & Perfect | Fidan

30.06.2022

Mətbəxdəki ən kritik 7 element | P&P Blog

Mətbəxdəki ən kritik 7 element | P&P Blog

Mətbəxin sahəsini, təmirini və mebelini unudun... Aşağıda qeyd etdiyim 7 element birlikdə ahəng təşkil etdikdə, ən büdcəli mətbəxdə belə gözoxşayan görüntü mütləq yaranacaq. 🔹 Mətbəx önlüyü Mətbəxdə yer və divar dolablarını vizual olaraq birləşdirən və ən çox göz qarşısında olan - mətbəx önlüyüdür. Bu hissənin rəng, naxış və tekstura seçimi ən zövqsüz mebeli belə arxa planda qoya bilər. 🔹Piştaxta / dəzgah Laminat, taxta, mərmər, keramoqranit və s. kimi materiallardan hazırlanan, bu element həm estetik, həm də praktiklik baxımından çox vacibdir. Piştaxtanın materialı davamlılığına və qiymətinə təsir edir, ona görə də yaxşı araşdırmadan sonra seçilməlidir. 🔹Su qarışdırıcı Mətbəxdə bəlkə də, ən çox istifadə olunan su qarışdırıcı, mütləqdir ki, keyfiyyətli olsun. Əks halda, ucuz və keyfiyyətsiz seçim daha çox zərər vura bilər: su sızıntısından mebelin xarab olması, təmirə ziyan, hər dəfə yenilənən əşyalar, əlavə santexnika xidmətinin xərci və daha nələr nələr... 🔹Mətbəx çanağı Mətbəx çanağının şəkli, rəngi, materialı, ölçüsü...bunların hamısı individual seçimdir. Lakin mütləqdir ki, ev yiyəsinin mətbəx adətlərinə, görülən işin həcminə və mətbəxin ümümi estetik görünüşünə görə seçilsin. 🔹Mebel qulpları İlk baxışda kiçik və önəmsiz element kimi görsənən - mebel qulpları, mənim fikrimcə, bir aksesuar olaraq mətbəxə xüsusi ab-hava qatırlar. Mənim nəzərimdə, onların rəngi, şəkli, teksturası mətbəxdəki digər metal elemenlərlə uyğun olmalıdır ki, səliqəli və zövqlu ümümi görüntü olsun. Məsələn, sadə və standart mebelə qeyri-adi qulpları ayrıca alıb taxmaqla, onu zənginləşdirmək mümkündür. 🔹Çılçıraq və lampalar Mətbəxdəki çılçıraq və lampaların funksiyası işıq saçmaqdan əlavə, həm də dekorativ həlldir. Onların tərzi ümümi mətbəxə yaraşmalı və yerləşməsi doğru olmalıdır ki, işıq kölgə salmasın və funksional olsun. 🔹Elektrik yuvaları və elektrik açarları Bu kiçik elementlərin də dizaynının mətbəxə uyğunluğunu və keyfiyyətini unutmamaq gərək. Keyfiyyətsiz elektrik yuvaları və açarlar: • təhlükəlidir • tez-tez xarab olur deyə, büdcəyə ziyandır • yeni, fərqli model alınır və nəticədə mətbəxdə səliqəsiz ümumu görüntü yaranır Buna bənzər müxtəlif mövzularla tanış olmaq üçün @practicandperfect Instagram səhifəsinə keçid edə bilərsiniz. Mətnin müəllifi: Practic & Perfect | Fidan

20.06.2022

Evi səliqəsiz göstərən əşyalar | P&P Blog

Evi səliqəsiz göstərən əşyalar | P&P Blog

Hər kəs evinin gözoxşayan olmasını istəyir, məhz bu səbəbdən də, hər kəsin evində məişət baxımından heç bir funksiyaya malik olmayan və sadəcə evi bəzəmək məqsədi ilə alınmış əşyalar var. ▪️Divar rəsmləri Divarda çox sayda şəkil, rəsm və ya dekor əşyaları asıldıqda və xüsusən də, biri ev sahiblərinin evlilik portreti, biri təbiət mənzərəsi, digəri isə babadan qalma, şimaldan gətirilmiş maral buynuzu olarsa, ev həddindən çox qarışıq və zövqsüz görsənəcək ▪️Kiçik dekor əşyaları Tez-tez fikir verirəm ki, evdə çox sayda açıq divar rəfləri və şəffaf şüşəli mebellər var və onları boş saxlamamaq üçün, saysız-hesabsız, fərqli zamanlarda alınmış, bir-birinə uyğun olmayan kiçik dekor əşyaları yerləşdirilib. ▪️Kiçik mebel növləri Evdə çox sayda kiçik çay/qəhvə, jurnal masaları, yumşaq mebel (kreslolar, pufik və s.) olanda, evi səliqəli saxlamaq çox çətin olur. Bu kimi kiçik mebel növləri ev sakinlərinin xırda əşyalarını (USB, kitab, eynək, açar, qəpik pul və s.) sehirli bir şəkildə özünə cəlb edir. ▪️Yastıq və adyal Yumşaq mebeli yada salmışkən, yastıq və adyaldan da danışım. Rastlaşmısınız yəqin ki, divanın üzərinə yerləşdirilmiş çox sayda kiçik, rəngli-rəngsiz yastıqlar və bir neçə ədəd adyal ilə. ▪️Çox sayda kiçik ev bitkisi Ev bitkilərini sevməyən azdır, 90% insanın evində bir ədəd də olsa ev bitkisi mövcuddur. Bəzi insanlar isə, ondan o qədər əldə edirlər ki, evlərində çox qarışıq görüntü yaranır; hara baxırsan, şkafların, masaların, pəncərə qıraqlarının üstündə, hər yerdə bir dibçək bitki var. Əgər evinizi praktik, rahat və minimalist dekor etmək istəyirsinizsə, 5 məsələyə diqqət yetirməyi tövsiyyə edirəm. #1 Divar rəsmlərini sevirsinizsə, çox sevin amma sayını həddindən çox etməyin. Onları bir kompozisiya olaraq düşünün: bir-birinə uyğun olsunlar. Çox sayda kiçik rəsmlərin əvəzinə, bir neçə ədəd böyük ölçülü rəsmlər seçin. Əgər çərçivəli rəsm asacaqsınızsa, çərçivələrin eyni olmasına da diqqət edin. #2 Misal olaraq qeyd etdiyim - maral buynuzu kimi qeyri-adi dekor əşyalarını divara asmaq istəsəniz, ilk öncə onların sizin ümümi interyerinizə yaraşıb-yaraşmadığını düşünün. Qərara gəlsəniz ki, yaraşır, belə növ əşyanı tək olaraq, hansısa boş və sadə divara yerləşdirin ki, qarışıq görüntü əmələ gəlməsin. Lazımsız, kiçik, tozlanan və evinizi qarışıq göstərən əşyalarla evinizdə yerləşdirdiyiniz çoxsaylı rəfləri doldurmaqdansa, rəflərin əksəriyyətini ləğv edin. Sadəcə bir neçə rəfi saxlayıb, onların üzərinə böyük ölçülü, sadə dekor əşyaları yerləşdirin. #3 Evinizin ölçüsünə görə, mümkün qədər, böyük mebel növlərini seçin və əşya sayını minimuma endirin. #4 Kiçik-kiçik yastıq və adyalları interyer-dizayn jurnallarındakı kimi, dekorasiya məqsədi ilə divanın üzərinə yerləşdirib, ora heç vaxt oturmayacaqsınızsa, yastıq və adyallardan bol-bol əldə edə bilərsiniz ... Amma, tövsiyyə edirəm ki, divanınızda rahat-rahat oturub, bir ədəd adyalı üstünüzə örtüb, çayınızı içərək, film izləyəsiniz və yastıq sayı da iki ədədi keçməsin. Əks halda, hər təmasda əzilən, yerə atılan yastıq və adyalları toplamaq sizin üçün daimi idmana çevriləcək, otaqdan səliqəsiz görüntü isə əsla əskik olmayacaq. #5 Ən sevdiyim dekor növü olan - ev bitkisindən çirkin və göz yorucu görüntü əldə etməmək üçün tövsiyyəm budur: çalışın ev bitkilərini, nə az nə çox, qrup-laş-dı-rı-la-caq sayda saxlayın. Onları növlərinə görə bölüşdürüb, fərqli otaqlara və ya eyni otaqda olsa belə, fərqli nöqtələrə yerləşdirin. Dibçəklər hamısı eyni olsa, lap yaxşı olar, amma olmazsa da, ən azından, hər «qrupda» eyni olması səliqəli görüntü yaratmağa kömək edəcək. Həddindən çox sayda ev bitkiniz varsa, bəzilərini bölüb, başqa insanlara hədiyyə edin və narahat olmayın, çünki eynisinin kökü evinizdədir, o yenə çoxalacaq! Buna bənzər müxtəlif mövzularla tanış olmaq üçün @practicandperfect Instagram səhifəsinə keçid edə bilərsiniz. Mətnin müəllifi: Practic & Perfect | Fidan

27.04.2022

Divan-kreslo seçimi | P&P Blog

Divan-kreslo seçimi | P&P Blog

Qadınlar hündür daban ayaqqabıdan necə boyu daha uzun göstərən bir üsul olaraq istifadə edirlərsə, interyer dizaynerlər də otağı daha geniş göstərmək üçün hündür ayaqlı mebeldən istifadə edirlər. Görüntü bir yana, təmizlik baxımından da ən praktik mebel növü ayaqlı olandır, çünki rahatlıqla altı təmizlənə bilir. Ən son da ayaqlardan danışmışkən, əgər interyerinizə yaraşırsa, oturacaq mebelinin davamlılığı üçün dəmir ayaqlı divan və kreslolar seçməyi məsləhət görürəm. Divanın oturacaq hissəsi nə qədər bərk və oturanda, içə doğru az batan olarsa, divanın estetik ömrü o qədər uzun olar. Əgər çox yumşaq olan divan-kreslo sevirsinizsə, alarkən əmin olun ki, oturduqda içə doğru batan hissə, insan qalxdıqdan sonra eyni vəziyyətə qayıdır. Əks halda, o divan-kreslo çox tez vaxtda estetik görüntüsünü itirəcək deməkdir. Divan-kreslonun rəng seçimi isə zövq məsələsidir. Adətən, insanlar açıq rəng divan-kreslo tez kirlənir deyə, o rənglərdən qaçırlar. Lakin məncə sevdiyiniz rəngdən nə olursa, olsun qaçmayın, çünki müasir nəm və buxarlı təmizlik avadanlıqları rahatlıqla ən açıq rəng divan-kreslonu belə təmizləyib, onun yeni görüntüsünü geri qaytara bilir. Bu xidməti www.izzidone.com vasitəsilə də sifariş edə bilərsiniz :) Mənim kimi əşyalardan tez yorulan insansınızsa, mebeldə neytral rənglərə üz tutmağı və tez-tez rəngarəng tekstil ilə dəyişiklik etməyi tövsiyyə edirəm. Mən şəxsən, açıq boz divanlar əldə etmişəm və onları hər dəfə bir rəng örtü ilə istifadə edib, evə rəng qatıram. Çox vaxt daha çox qonaq yerləşsin deyə, insanlar künc divan seçirlər. Bunu yanlış hesab edirəm, çünki kunc divanlar həddindən çox yer tutur və müşahidəmə görə, künc divanın orta hissəsində insanlar adətən əyləşmir və faktiki olaraq, o hissə «itirilir». Kreslo təkli oturacaq yeri olduğu üçün, 1 nəfərə görə çox yer tutur deyə, oni qeyri praktik hesab edirəm. Künc divan və ya divan ilə iki kreslo əvəzinə hər zaman iki ayrı divan seçməyin təraftarıyam: 1-ci divan (2-3 nəfərlik) 2-cisi isə (4-6 nəfərlik) Bu iki divanı həm üzbəüz, həm də künc şəklində yerləşdirmək və hər zaman dəyişiklik etmək mümkündür. Buna bənzər müxtəlif mövzularla tanış olmaq üçün @practicandperfect Instagram səhifəsinə keçid edə bilərsiniz. Mətnin müəllifi: Practic & Perfect | Fidan

21.04.2022

Izzidone LLC. 2022.

All rights reserved ©